skip to Main Content

Əziz Hüseyn oğlu Əliyev

Azərbaycan elmi-tədqiqat layihə-konstruktor neft maşınqayırma institutunun İdarə Heyətinin Sədri

“Azərbaycan Neft Maşınqayırma Elmi-Tədqiqat və Layihə-Konstruktor  institutu”  TASC – AZİNMAŞ 1931-ci ildən fəaliyyət göstərir və ölkənin ən qocaman  elmi-tədqiqat müəssisələrindən biridir. Neft-qaz sənayesi üçün müxtəlif çeşidli yeni,  yüksək səviyyəli mədən avadanlığı yaradan institut həmin istiqamətdə öz fəaliyyətini indi də davam etdirir. Yeni şəraitdə institut layihə-konstruktor işlərilə bərabər öz qüvvəsilə müxtəlif avadanlıqların istehsalını da aparır. Təcrübəli kadrlarını və istehsalat imkanlarını qoruyub saxlaya bilmiş, bununla yanaşı attestasiya keçmiş sınaq stendlərinə malik olan AZİNMAŞ indi həm layihə, həm də istehsalat işlərini yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir.

İnstitut daim olaraq Dövlət neft şirkəti ilə sıx əməkdaşlıq etməklə yanaşı həm də, MDB və digər xarici ölkələrlə də neft-mədən avadanlıqlarının yeni növlərinin yaradılması istiqamətində işlər həyata keçirir. Son dövrün işlərinə nəzər saldıqda ÇNQ-125×40 və ÇNQ-400×40 tipli nasos qurğularının, 125 tonluq səyyar qazma kompleksini layihələrini göstərmək lazımdır. Bu avadanlıqlar daxili və xarici  istehlakçılar üçün nəzərdə tutulur. AZİNMAŞ-125 kompleksi isə 2300 m dərinlikdə quyuların qazılmasına və dərinliyi 6500 m-dək olan quyuların təmirinə imkan verir. Müvafiq olaraq 125 və 400 kVt  gücə malik, 40 MPa təzyiq yaradan nasos qurğuları quyularda sementləmə, yuma, təzyiq sınaqları və başqa bu kimi işlərin aparılmasını təmin edir. Neftçilərin sifarişi ilə quyuların təmirində və istismarında işlədilən yeni avadanlıqların layihələri işlənir və sınaq nümunələri hazırlanaraq sınaq edilir. Bunlardan təkmilləşdirilmiş ştanq-borututucu və metalşlamtutucunu, quyuları parafindən təmizləmək üçün xüsusi frezeri, HTG10-30 ikibarabanlı tros qurğusunu, ikinci lülənin qazılması üçün meylləndirici qurğunu misal göstərmək olar. Bu qurğular hazırda istismarda olan fiziki və mənəvi  cəhətdən köhnəlmiş avadanlıqları əvəz etmək üçün nəzərdə tutulur.

AZİNMAŞ son zamanlar aktual olan ekologiya problemləri ilə də ciddi məşğul olur. Belə ki, ARDNŞ-nin müvafiq strukturları ilə birgə əməkdaşlıqda yaradılmış yeni növ qurğular mədən ərazilərində təmizlik yaranmasına xidmət edir. Bu məqsədlə işlənmiş YAS-12 tipli avtosistern, dənizin dibində fəaliyyəti dayandırılmış quyuların ləğv edilməsi üçün müxtəlif avadanlıqlar, MS-1tipli neftlə çirklənmiş ərazilərdə torpağın neftdən təmizlənməsi və təsərrüfat istifadəsinə qaytarılması üçün qurğular yaradılmışdır. Bu qurğular mədən şəraitində sınaqdan çıxarılır və istehsala vəsiqə alırlar.

AZİNMAŞ, neft və qazçıxarma müəssisələrini, quyuların cari və əsaslı təmirində istifadə edilən müxtəlif tipli alət və avadanlıqlarla təchiz edilməsində də səmərəli işlər aparır. Bunların sırasında 16 MPa təzyiqə hesablanmış ƏYB-16 tipli yuma başlıqlarını və SB-16 tipli sementləmə başlıqlarını, müxtəlif tipli boru və ştanq tutucularını, rotor üçün revers reduktorunun yaradılmasını göstərmək olar.

Eyni zamanda, AZİNMAŞ elmi-yaradıcılıq fəaliyyəti ilə də məşğul olur, belə ki, elmi-texniki işlərin nəticələri, neft-mədən texnikası və digər texniki avadanlıqlar üzrə Respublikada və onun hüdudlarından kənarda aparılan elmi-tədqiqat işləri institutun elmi-texniki şurasında müzakirə edilir və müvafiq rəylər verilir. Müxtəlif Dövlət standartlarının, təlimatların, texniki şərtlərin yaradılması, yoxlanılması, yeniləndirilməsi və əlavələrin edilməsi kimi işlər də institutun daim apardığı fəaliyyət istiqamətlərinə aiddir.

Əməkdaşların əmək haqqı vaxtı-vaxtında ödənir, büdcə, vergi və s. ödəmələr vaxtında köçürülür.

Hörmətlə,
AzİNMAŞ.

Back To Top